17.10.2019 / Həkim məsləhəti / Düz Qamət - Sağlam Həyat!

SAĞLAM QAMƏT NƏDİR?

Rubrikanı Sizlərə Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi,

Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.


                      

“Düz otur”, ”belini düz tut”, “axırda qozbel olacaqsan”… və s. ifadələri kim eşitməyib ki? Bəli, bəli, uşaq vaxtından demək olar ki, hamımız eşitmişik. İndi arada uşaqlarımıza da bunları deyirik. Özümüz də bəzən güzgüyə baxıb çiyinlərimizin əyri olduğunu görürük və tez duruşumuzu düzəldirik. 5-10 dəqiqə keçir və axırda yorulub əvvəlki hala qayıdırıq…


SAĞLAM QAMƏT NƏYƏ DEYİLİR?
Bəs niyə düz qamət belə vacibdir? Ümumiyyətlə, sağlam qamət nəyə deyilir?


Qamət - duranda və oturanda bədənimizin pozisiyasina deyilir. Sağlam qamət isə gündəlik hərəkətlərimizi vücudumuzun minimal yüklənməsi ilə təmin edir.


Qaməti formalaşdıran əsas komponent onurğa sütunudur. Arxadan baxanda onurğamız düz xətt kimi görünür. Yan tərəfdən baxsaq, onun təbii  S-vari forması var, qabarıq və çökək zolaqları ilə (təbii lordoz ve kifoz). Qamətimizi düz saxlamağa vücud əzələlərimiz kömək edir.


Biz qamətimizi düz saxlamağa çalısmalıyıq ki, gələcəkdə ağrı, hərəkət məhdudlaşması və digər problemlərlə üzləşməyək.


Əslində "ideal" qamət yoxdur, sağlam qamət eyni zamanda insan üçün komfortlu olmalıdır.


Bədənimiz yaxşı qamətdə olmayanda bəzi əzələlərimiz qısalır, bəziləri gərilir. O uzun müddət ərzində yaranır və vücudumuz düz olmayan qamətə öyrəşir. Qısalmış əzələ və onurğanın xırda oynaqların hərəkət həcmi azalır, onlar ağrı mənbələrinə çevrilə bilər və asanlıqla zədələnir. 

Beləliklə,
•    Düz olmayan qamətdə oynaq və əzələlərdə zəiflik və ağrı yarana bilər;
•    Belə halda oynaq və əzələlər zədələnməyə qarşı daha həssas olur;
•    Zamanla bədənimiz düz olmayan  qamətə öyrəşir.


QAMƏTİ YAXŞILAŞDIRMAQ ÜÇÜN BİR NECƏ TÖVSİYƏ
İndi isə qamətimizi yaxşılaşdırmaq üçün bəzi tövsiyələr barədə danışaq.


1. Ayaqüstə olanda düz durmaq üçün balaca bir məsləhət: özünüzü hündürboy hiss edin! Bədən yükünüzü hər iki ayaq üzərində bərabər paylaşmağa çalışın.


2. Döş sümüyünü bir az yuxarıya doğru aparın, çiyinlərinizi bir az arxaya və aşağı tutun. Yadınızda saxlayın ki, hərəkətlər sizə narahatlıq verməməlidir.


3. Oturanda və kompüter arxasında çalışanda monitorunuz göz səviyyəsində olsun. Stulunuzun hündürlüyünü düşünün ki, iş görəndə çiyinlərinizi qabağa “yığmağa” ehtiyac olmasın. Dirsəklərinizi bədəninizə yaxın və 90-120 dərəcədə büküb tutun. Bud-çanaq oynağınız da təxmini eyni (90-120) dərəcə bükülmədə olmalıdır.


4. Hər 20-30 dəqiqədən bir çalışın durun və bir az hərəkət edin. Vücudumuzun əzələ və oynaqları  hərəkət həcmini

saxlamalıdır.


Rubrikanın növbəti postunda qaməti stabil saxlayan əzələlər üçün ən vacib və sadə 5 hərəkət ilə sizi tanış edəcəyik. Bizi izləyin!




“DÜZ QAMƏT - SAĞLAM HƏYAT!” 


Sağlam və gözəl görünmək istəyirsinizsə 
“DÜZ QAMƏT – SAĞLAM HƏYAT!” rubrikamızı izləyin. Rubrikanı Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.


Dr. Səidə Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

​​​​​​​