03.08.2021 / Həkim məsləhəti / Düz Qamət - Sağlam Həyat!

DİZ AĞRILARI: MENİSKİN CIRILMASI NƏDİR?

Rubrikanı Sizlərə Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi,

Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.


                      

 

Diz ağrılarının səbəbi kimi menisk zədələnmələri xüsusi yer tutur. Meniskin cırılması tez-tez rast gəlinən zədələnmə növüdür, xüsusilə peşəkar və həvəskar idmançılar bu travma ilə çox üzləşirlər. Eyni zamanda, yaşlı insanlar, osteoartrit  (artroz) xəstəliyindən əziyyət çəkən insanlarda da meniskin cırılması baş verə bilər. Meniskin cırılması menisk ekstruziyasının (yırtığın) yaranmasına səbəb ola bilir. 

 

Menisk nədir? Menisk – diz oynağının içində iki ədəd qığırdaq tipli strukturdur. Oynaqda iki sümüyün (bud və qamış) arasında yerləşir, amortizasiya funksiyasını yerinə yetirir və sümük strukturları qoruyur. Dizin bükülməsi zamanı yüklənmənin 80%-i menisklərə ötürülür. Futbol, basketbol, tennis, xizəksürmə və s. idman növləri ilə məşğul olan peşəkar  idmançılar və həvəskar oyunçular menisk zədələnmələrinə daha çox meylli olurlar. Ən çox ayaq yerdə olan zaman dizin ani burulması nəticəsində menisk cırılmaları baş verir. Kontakt idman növlərində də toqquşma zamanı dizin kritik burulması baş verə bilər. Ağır fiziki işlə və ya idmanın ağırlıq qaldırma növləri ilə məşğul olan şəxslər yük qaldırma zamanı onurğa ilə yanaşı diz strukturlarını da zədələyə bilərlər.

 

 

Yaşlanma prosesi ilə əlaqədar dizdə qığırdaq “yeyilməsi” baş verə və menisk daha tez zədələnə bilər. Bu halda qeyri-stabil və düz olmayan səthə addım atanda, ayağın “boşluğa” getməsi zamanı dizin içində meniskin cırılması baş verə bilər. Bəzən degenerativ dəyişikliklər hətta travmasız meniskin zədələnməsinə səbəb olur.

 


Menisk cırılması zamanı pasiyentin dizində ağrı, şişkinlik, dizdə hərəkət məhdudiyyəti, tam açılıb bükülmənin mümkün olmaması müşahidə olunur. Meniskin cırılması zamanı obyektiv müayinə aparılır və maqnit rezonans tomoqrafiya (MRT) icra olunur. Zədələnmənin yerləşməsindən və ölçülərdən asılı olaraq meiniskin cırılması əməliyyatsız da müalicə oluna bilər. Fizioterapiya müalicəsi, iltihab əleyhinə dərmanlar, buz, dizin hərəkətdən qorunması kimi tədbirlər icra olunur. Daha ciddi zədələnmələrdə əməliyyat tələb olunur. Əməliyyat xüsusi optik sistemin köməyi ilə artroskopik yolla yerinə yetirilir.
 

 

Menisk zədələnmələrindən özümüzü necə qoruyaq? Təsadüfi travmadan özünü sığortalamaq mümkün olmasa da, menisk cırılmasının riskini azaltmaq mümkündür. Bunun üçün diz oynağını stabilləşdirən əzələləri möhkəmlətmək lazımdır. Bədən çəkisinə nəzarət edilməsi mütləqdir. İdman zalında da məşqlər zamanı yüklənməni minimaldan intensivə qədər tədricən qaldırmaq məsləhət görülür.

 

Növbəti rubrikamızda biz diz oynağını stabilləşdirən əzələləri məhkəmləndirən idman hərəkətləri haqqında danışacağıq. Bizi izləyin.

 

“DÜZ QAMƏT - SAĞLAM HƏYAT!” 


Sağlam və gözəl görünmək istəyirsinizsə 
“DÜZ QAMƏT – SAĞLAM HƏYAT!” rubrikamızı izləyin. Rubrikanı Mərkəzi Gömrük Hospitalının tanınmış həkimi, Barselona Skolioz Məktəbində ixtisaslaşmış həkim-fizioterapevt Səidə Kərimova təqdim edir.


Dr. Səidə Kərimovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

​​​​​​​